İrəvan anlamalıdır ki, Zəngəzur nəqliyyat dəhlizinin inşası məsələsində Bakının planlarını əngəlləyə bilməyəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistan görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir”, - Əliyev çərşənbə axşamı bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
O qeyd edib ki, Azərbaycan “onsuz da istədiyinə gec-tez nail olacaq” (Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı - İF). “Əgər Ermənistan öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar (ermənilər - İF) özləri də bir az cəld tərpənsinlər”, - dövlət başçısı vurğulayıb. **
E.Şəfiyev