2022-ci ilin birinci rübündə Azərbaycan dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Birinci rübdə dövlət büdcəsinin gəlirləri 7 milyard 10 milyon mat təşkil edib, proqnoz 106,3% icra olunub”, - Şərifov çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Nazir qeyd edib ki, Dövlət Vergi Xidməti daxilolmalar üzrəproqnozu 123,8%, Dövlət Gömrük Komitəsi – 123,7% icra edib, Sosial sığorta haqları üzrə daxilolmalar 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat təşkil edib.
Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 2 milyard 757 milyon manat təşkil edib, yəni proqnozdan 423 milyon manat az. “Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi”, - nazir əlavə edib.
Şərifov vurğulayıb ki, dövlət büdcəsinin xərcləri 5 milyard 630 milyon manat və yaxud 99% icra edilib.
“Xərclər strukturunda, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən birinci rüb ərzində 346 milyon manat yönəldilib, yaxud 16%-ə yaxın hissəsi artıq icra olunub. Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılib”, - nazir əlavə edib. **
R.Əhmədov