Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə müzakirələr konstruktiv şəkildə keçib. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Ümumilikdə, Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə müzakirələr konstruktiv şəkildə keçib (aprelin 11-də nazirlər arasında telefon danışığı baş tutub - İF). Eyni zamanda, münasibətlərin normallaşması prosesi, sözsüz ki, zaman və növbəti addımlar tələb edir”, - Bayramov bu gün jurnalistlərə bildirib.
Nazir sülh sazişi üzrə Azərbaycanın təqdim etdiyi beş əsas prinsipin İrəvan tərəfidən qəbul edilməsini vacib məqam adlandırıb.
“Azərbaycanın təqdim etdiyi beş əsas prinsipin Ermənistan tərəfindən qəbul olunmasını ilk və mühüm addım hesab edirik. Son illər ərzində Azərbaycan fəaliyyət göstərir və Ermənistana münasibətlərin normallaşması üçün çağırış edir. Bununla əlaqədar Azərbaycan beynəlxaq hüquqa əsaslanan və reallaşdırılması həmçinin Ermənistan üçün səmərəli olan 5 baza prinsipi təklif edib”, - nazir əlavə edib.
Xəbər verildiyi kimi, həmin 5 baza prinsipinə aşaöıdakılar daxildir: dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. **
E.Şəfiyev