2022-ci ilin əvvəlindən Azərbaycan Avropaya 2,9 milyard kubmetr qaz ixrac edib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub. TAP istismara veriləndən, Azərbaycandan Avropaya qaz nəqli 11 milyard kubmetri ötüb”, - Şahbazov Twitter hesabında yazıb.
Energetika Nazirliyinin proqozlarına görə, bu il “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya - 9,1 milyard kubmetr təşkil edəcək.
Azərbaycan 2021-ci ildə 19,2 milyard kubmetr qaz, həmçinin Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib. 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP qaz kəməri ilə Avropaya 8,2 milyard kubmetrə qədər Azərbaycan qazı ixrac edilib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, 1,2 milyard kubmetrə qədəri Yunanıstana və Bolqarıstana tədarük edilib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova