Çərşənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Almaniyanın Bakıdakı səfiri Volfqanq Maniq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə görüş zamanı Bakı və Berlin arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüşdə iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb”, - XİN-in saytında dərc olumuş məlumatda deyilir.
Xələfov Azərbaycan və Almaniya arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini və iqtisadi sahədə müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edib.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu vurğulayıb. “Bu mənada ötən ay xarici işlər və energetika nazirlərinin Berlinə işgüzar səfərlərinin Almaniyanın yeni hökuməti ilə ikitərəfli gündəlikdəki məsələlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib”, - məlumtda bildirilir.
XİN-dən vurğulanır ki, Xələfov “44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verərək Almaniyanın regionda yaranmış yeni reallıqlara anlayışla yanaşmasını müsbət qiymətləndirib”.
Öz növbəsində, Maniq “Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu” vurğulayıb. Diplomat baş tutmuş ikitərəfli yüksək səviyyəli səfərlərin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Maniq səfirliyin Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətinə xüsusi önəm verdiyini və bunun humanitar sahədə əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb. **
R.Kərimov