Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlamasına yardım etməkdə tam qətiyyətlidir. Bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım məsələləri üzrə RF XİN başçısının xüsusi nümayəndəsi olaraq fəaliyyətini davam etdirəcək. Bu barədə bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Əvvəlcə qeyd etdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin təşkili məqsədilə Bakının təklif etdiyi baza prinsipləri və İrəvanın buna reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün təməldir”, - Zaxarova qeyd edib. Bu barədə RF XİN-in rəsmi saytı məlumat verir.
“Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına yardım etməyə tam qətiyyətlidir”, - Zaxarova vurğulayıb.
O xatırladıb ki, fevraın 24-də ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri “üçlüyü” çərçivəsində RF ilə bütün təmasları dayandırıb. “Halbuki, Cənubi Qafqazda real vəziyyət danışıqlarda fasilələrin yaranmasına imkan vermir. Əgər ABŞ və Fransa həmsədrlərin əməkdaşlığını dayandırıblarsa, regionda uzunmüddətli süh və sabitliyin bərpası üzrə gələcəkdə ardıcıl addımlar tələb olunur”, - RF XİN-in nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, bununla əlaqədar xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev “məhz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım məsələləri üzrə RF XİN başçısının xüsusi nümayəndəsi olaraq fəaliyyətini davam etdirəcək”. “Yuxarıda qeyd edilən sülh müqaviləsinin hazırlanması mövzusu onun diqqət mərkəzində olacaq”, - Zaxarova bildirib.
O, Xovayevin səylərinin “Bakı və İrəvanda müttəfiqlərimiz və tərəfdaşlarımız” tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bidirib. “Digər maraqlı olan oyunçularla konstruktiv qarşılıqlı fəaliyyət üçün açıqıq”, - Zaxarova vurğulayıb. **