Bakı və Tirana enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var. Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək”, - Əliyev cümə axşamı Albaniyanın baş naziri Edi Ramaı qəbul edərkən bildirib.
Bundan başqa, Əliyev vurğulayıb ki, tərəflər qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması üzərində çalışmalıdır, çünki burada böyük potensial var.
Həmçinin, Azərbaycan lideri turizm sahəsini əməkdaşlıq üçün perspektivli adlandırıb.
“Hesab edirəm ki, biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarını müzakirə edə bilərik. Biz vətəndaşlarımıza turizm sahəsində müxtəlif imkanlar yarada bilərik. Ümumilikdə isə bu görüş tərəfdaşlığımıza daha geniş mənada nəzər salmaq və gələcəkdə yaxşı nəticələr əldə etmək baxımından təkan vermək üçün yaxşı fürsətdir”, - Əliyev vurğulayıb.
Öz növbəsində, alban baş nazir qəbula görə prezidentə təşəkkür edib və bildirib ki, Albaniya Azərbaycanı dəstəkləyir və rəsmi Bakının İrəvanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş səylərini alqışlayır. **
X.Nəsirzadə