2021-ci ildə Azərbaycan və Moskvanın qarşılıqlı ticarət dövriyyəsi $999 milyon təşkil edib. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bəyan edib.
“2021-ci ildə Moskva müəssisələrinin Azərbaycana ixracı $424 milyonu keçib. Həmçinin, Moskva Azərbaycan məhsullarının əsas alıcısıdır, ötən il Azərbaycandan idxalın dəyəri $575 milyon təşkil edib”, - Mirsayapov RusiyaFederasiyasınınSənaye və Ticarət Nazirliyinin “Ticarət nümayəndəsi ilə bir saat” layihəsində bildirib.
Konfrans zamanı Mirsayapov İT, neft-qaz maşınqayırma, robototexnika, kimya sənayesi və tikinti materiallarının istehsalı, ərzaq malları sahələrində fəaliyyət göstərən Moskvanın 42 şirkətinə məhsulların sertifikatlaşdırılması, potensial Azərbaycan tərəfdaşlarının axtarışı və onlarla iş barədə məsləhətlər verib.
Qeyd olunub ki, Azərbaycan bazarında səmərəli fəaliyyət alətləri biznes missiyaları və Bakıda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakdır.
Xəbər verildiyi kimi, 2021-ci ilin yekunları üzrə Azərbaycan-Rusiya ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur. **
X.Nəsirzadə