2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 1 milyard 153,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 1 milyard 85,3 milyon manat məbləğində heyvandarlıq, 67,8 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının istehsal həcmi 14,4% artıb.
Cari ilin aprel ayının 1-nə olan vəziyyətə görə, ölkədə 8 milyon 168,8 min baş qoyun və keçi, 2 milyon 666,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 295,3 min baş inək və camış mövcud olub. İnək və camış iribuynuzlu mal-qaranın 48,6%-ni təşkil edir.
Yanvar-martda quşçuluq müəssisələrində diri çəkidə 19,8 ton quş əti (artım 4,8%), 191,7 milyon ədəd yumurta istehsal edilib (artım 4,4%). Ümumilikdə, bu müəssisələrdə quşların ümumi sayı 10 milyon 182,8 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 60 ədəd yumurta əldə olunub.
Hazırda Azərbaycanda yazlıq bitkilərin əkini davam edir.
DSK-nın ilkin məılumatına görə, aprel ayının 1-nə olan vəziyyətə görə, 114,1 min hektar ərazidə yazlıq əkin həyata keçirilib (azalma 2,8%). Həmçinin 17,1 min hektar dənli və paxlalı bitkilər (qarğıdalı daxil olmaqla),4,4 min hektar bostan bitkiləri, 1,6 min hektar şəkər çuğunduru, 0,7 min hektar günəbaxan, 36,1 min hektar çoxillik bitkilər, 0,5 min hektar birillik bitkilər əkilib.
Yanvar-martda təsərrüfatlar tərəfindən 94 min ton tərəvəz istehsal edilib, bu da 2021-ci ilin analoji dövrüdən 16,9% çoxdur.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə