Azərbaycanın azad edilmiş ərazilərində mühəndis-istehkam bölmələri tərəfindən 15 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilir.
“Azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində aprel ayının 1-dən 15-dək olan müddət ərzində 492 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 15 min hektardan artıq ərazi minalardan təmizlənib”, - nazirliyin məlumatında deyilir.
Həmçinin, qeyd olunur ki, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
MN-nin məlumatına görə, ümumilikdə 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Bildirilir ki, mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.**
R.Kərimov