Azərbaycanın şimal-qərbində Zaqatala rayonunda ər həyat yoldaşını öldürüb, daha sonra isə intihar edib, aparılmış ilkin araşdırmalar bunu göstərir. Bu barədə bazar günü Azərbaycan Respublikası Baş Prokurorluğun Teleqram kanalında məlumat verilir.
Zaqatala Rayon prokurorluğuna istinadən bildirilir ki, aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məlumata görə, aparılmış ilkin araşdırmalarla “Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib”.
Əlavə edilib ki, faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir. **
R.Kərimov