2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 49 milyon 337,6 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 76,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-mart aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artıb.
Hesabat dövründə dəmir yolu ilə 3 milyon 814,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,2% çoxdur.
Dəniz nəqliyyatı ilə 1 milyon 425,4 min ton (azalma 3,9%), avtomobil nəqliyyatı ilə 27 milyon 548,3 min ton (artım 8,9%), hava nəqliyyatı ilə 152,9 min ton (artım 41,2%) müxtəlif yük daşınıb. Yanvar-mart aylarında daxili neft kəmərləri vasitəsilə 8 milyon 642,5 min ton neft (azalma 3,4%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov