2022-ci ilin birinci rübündə Azərbaycan 112 min 468,4 ton polimer məhsulları ixrac edib, bu da ötən ilin göstəricisindən 4,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-mart aylarında $114 milyon 867,48 min dəyərində plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib (artım 27,3%). Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,44%, qeyri-neft ixracının strukturunda 15,8% təşkil edib.
Plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 34 min 202,75 ton ($47 milyon 235,68 min) ilkin formada polietilenin, 20 min 959,5 ton ($31 milyon 112,08 min) ilkin formada polipropilenin, 6 min 233,75 ton ($10 milyon 53,59 min) ilkin formada propilen sopolimerlərinin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” şirkətinin zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu zavodların fəaliyyətindən şirkətin $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.**
N.Abbasova