“AzerGold” QSC “Çovdar” yatağında hasil olunan qızıl ehtiyatlarının qiymətləındirməsini 3,5 dəfə - 731,9 min unsiyaya qədər artırıb.
“Sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılmış, 731,9 min unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat vətədqiqat işlərinin davam etdirildiyi nəzərəalınaraq, sözügedən həcmlərin daha da artırılması istisna edilmir”, - cəmiyyətin məlumatında deyilir.
Həmçinin, şirkətdən məlumat verilir ki, cari ilin birinci rübündə “Çovdar” yatağından 10,592 min unsiya qızıl istehsal edilib.
“AzerGold”un saytında dərc olunmuş məlumata görə, yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü (oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərin payına düşür. “Azergold” QSC 2017-ci ildən oksid mərhələsi çərçivəsində hasilata başlayıb. Oksid mərhələsi çərçivəsində ümumilikdə 233 min unsiya qızıl və 349,5 min unsiya gümüş hasil ediləcək ki, bu da $285 milyon məbləğində gəlir deməkdir.
2022-ci ildə sulfid mərhələsinə start verilməsi gözlənilir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları ilə zəngin sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova