2022-ci il iyunun 1-dən 3-dək Bakıda 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisi keçiriləcək.
“Bu il ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısına Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə,Xorvatiya və Yaponiyanın şirkətləri daxildir”, - deyə sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətinin məlumatında bildirilir.
Sərginin ekspozisiyası neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, texniki xidmət, kimya sənayesi istiqamətlərini əhatə edəcək. Həmçinin cari və perspektiv neft-qaz layihələri də müzakirə olunacaq.
Sərgi Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə iyunun 1-dən 3-dək keçiriləcək Bakı Enerji Həftəsi çərçivəsində təşkl olunacaq.
Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini (“Caspian Power”), eləcə də “Xəzər Neft və Qaz” konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.
“Caspian Power” sərgisinin iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlir.
Sərgiyə, həmçinin iyunun 1-dən 3-dək Bakı Ekspo Mərkəzində keçiriləcək əlavə tədbirlərin intensiv gündəliyi daxildir. “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər” sessiyası, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti” mövzusunda sessiya, Energy Talks(“Women in power” və “Bizimkilər”) sessiyası, Müştərilərvs Təchizatçılar sessiyası “Neft və Qaz bazarının tələbatında olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi” sessiyası, “Neft sənayesində SƏTƏM idarəetməsi”, eləcə də iştirakçı şirkətlərin təqdimatları keçiriləcək.
Bununla yanaşı, sərgi müddətində xarici və yerli istehsalçı və distribütorların iştirakı ilə ənənəvi B2B görüşlər keçiriləcək.*
N.Abbasova