Bu ilin I rübündə “SOCAR Carbamide” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf məlumat verib.
“I rübdə “SOCAR Carbamide” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 224% çoxdur. Karbamidin xarici bazarlara ixracı həcm baxımından 8 dəfə, dəyər baxımından isə 33 dəfə artıb”, - deyə o, Twitter hesabında yazıb.
R.Nəcəfin sözlərinə görə, hesabat dövründə $93 milyon dəyərində karbamid ixrac edilib.
SOCAR Carbamide Plant ölkənin azot gübrəsi idxalından asılılığının aradan qaldırılmasında və yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Hazırda zavodun məhsulları Braziliya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və digər ölkələrə ixrac edilir.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, illik 500 min tonadək hazır məhsul ixraca göndəriləcək. Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.*
N.Abbasova