Prezident İlham Əliyev bəyan edib ki, Qırğızıstanla əmtəə dövriyyəsinin mövcud səviyyəsi hər iki tərəfi qane etmir.
“Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək”, - deyə dövlət başçısı aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatla çıxışı zamanı bildirib.
İ.Əliyev qeyd edib ki, nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səyləri necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
“Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”, - deyə o vurğulayıb.
“Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var”, - deyə prezident qeyd edib.
İ.Əliyev əmin olduğunu bildirib ki, bu və digər məsələlər bu gün Japarovun Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. “Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir”, - deyə dövlət başçısı əlavə edib.*
B.Rüstəmbəyov