Aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda Azərbaycanın iri biznes nümayəndələri ilə görüş keçirib və onları Qırğızıstana investisiya qoymağa dəvət edib.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan Prezidentinin saytına istinadən xəbər verir ki, S.Japarov Qırğızıstanın Azərbaycanın biznes dairələri ilə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu bildirib.
O, Azərbaycan iş adamlarına energetika, qida sənayesi, infrastruktur, turizm və yeni texnologiyalar kimi istiqamətlərdə investisiya layihələrinin həyata keçirilməsində iştirak etməyi təklif edib.
Japarov hidroenergetika sahəsində Kambar-Ata SES-1 və bir sıra digər strateji əhəmiyyətli kiçik və orta SES-lərin tikintisi layihələrinin həyata keçirilməsində iştirak etməyi, turizm sahəsində isə Qırğızıstanda, o cümlədən İssık-Kul gölü ərazisində rekreasiya obyektlərinin tikintisini nəzərdən keçirməyi təklif edib.
Japarov qeyd edib ki, qida məhsullarının emalı sahəsi də olduqca perspektivli və maraqlı istiqamətdir. Bütövlükdə, mümkün əməkdaşlıq potensialı yüksək, qarşılıqlı fəaliyyət sahələri isə son dərəcə müxtəlifdir.
“Öz ölkəsinin dinamik, sabit və davamlı inkişafına tərəfdar olan dövlət başçısı kimi Azərbaycanın işgüzar dairələrini Qırğız Respublikasını etibarlı işgüzar tərəfdaş kimi nəzərdən keçirməyə çağırır, fəal əməkdaşlığa və iri investisiya layihələrinin birgə həyata keçirilməsinə dəvət edirəm”, - deyə o bildirib.
Japarov əmin olduğunu bildirib ki, aparılan danışıqların nəticələri, habelə əldə edilmiş razılaşmaların reallaşdırılması artıq yaxın vaxtlarda qarşılıqlı ticarət göstəricilərində və Qırğızıstan iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmində özünü göstərəcək.*
R.Əhmədov