Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə Qırğızıstan Prezidentinin saytında məlumat verilib.
Sənəd Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Məlumata görə, görüşdə neft hasilatı, tikinti, turizm, energetika, telekommunikasiya, yüksək texnologiyalar, kənd təsərrüfatı, dağ-mədən sektoru, sığorta sahələrində fəaliyyət göstərən iri şirkətlərin (SOFAZ, SOCAR, AZERGOLD, AZVIRT, LU-MUN HOLDIN, NEQSOL HOLDING, AZERSUN HOLDING, PASHA HOLDING və s.) rəhbərləri iştirak ediblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra ticarət dövriyyəsinin və investisiya qoyuluşunun artması üçün əlverişli şərait yarandığını qeyd edib.
“Biz qardaş ölkələrə investisiyaları dəstəkləyirik, əmin olun ki, Qırğızıstana investisiyaların təşviqi fəaliyyətimizin prioritet istiqaməti olacaq”, - deyə o bildirib.*
R.Kərimov