Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev yaxın vaxtlarda Bakıya gələcək. Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Xüsusi nümayəndə artıq fəal şəkildə işə qoşulub və İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun yaxın vaxtlarda Bakıya səfəri də razılaşdırılıb”, - deyə o qeyd edib.
M.Zaxarovanın sözlərinə görə, İ.Xovayevin əsas vəzifələrindən biri də azərbaycanlı və erməni tərəfdaşlara sülh müqaviləsini hazırlamaqda kömək etməkdir.
O əlavə edib ki, dialoq Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplərə, eləcə də İrəvanın bu təkliflərə konstruktiv reaksiyasına əsaslanır.*
R.Kərimov