“AzerGold” QSC geoloji kəşfiyyat, yeraltı mağara keçmə, topoqrafik planalma və hidrogeoloji monitorinq tədqiqatlarının aparılmasına dair işləriə 21,5 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “AzerGold” "Blasto" QSC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 21 milyon 549 min 959,94 manatdır (cari məzənnə ilə $12,67 milyon).
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova