31 mart 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 39 milyard 673,2 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-mart aylarında bankların aktivləri 3,1% artıb.
Martın sonuna bankların kredit portfeli 17 milyard 528,2 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,2% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 4 milyard 941,5 milyon manat (azalma 0,6%) təşkil edir.
Bankların öhdəlikləri 34 milyard 731,7 milyon manata (artım 3,7%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 317,2 milyon manat məbləğində (azalma 0,6%) qiymətləndirilir. Banklarda depozit portfeli 28 milyard 259,2 milyon manat (artım 4,9%), o cümlədən əhalinin əmanətləri 10 milyard 200,8 milyon manat (artım 12,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında bankların ümumi xalis mənfəəti 173,9 milyon manat təşkil edib (2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 16,9%).
Hesabat dövründə bankların faiz gəlirləri 604,2 milyon manat (artım 22%), o cümlədən verilmiş kreditlər üzrə 501,4 milyon manat (artım 27,2%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 225,9 milyon manat məbləğində (artım 32,3%) olub.
Bu dövrdə bankların faiz xərcləri 143,4 milyon manat (artım 11,2%), o cümlədən depozitlər üzrə 100 milyon manat (artım 21,1%), qeyri-faiz xərcləri 397,8 milyon manat (artım 31,9%) təşkil edib.
Yanvar-mart aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 275,4 milyon manat (artım 24,7%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 215,6 milyon manat məbləğində (artım 19,2%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 41,6 milyon manat (artım 29,6%) təşkil edib.
31 mart 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 486 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5%) və 95 şöbəsi (azalma 2,1%) var.
Bank sektorunda 21,031 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,5%) çalışır.*
X.Nəsirzadə