2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 5,2% - 18 milyard 7,8 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Martın sonuna vaxtı keçmiş kreditlərin həcmi 685,2 milyon manat (hesabat dövründə azalma 4,8% - İF) və ya bütün kreditlərin 3,8%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Martın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 523 milyon manat (artım 5,7%) və ya bütün kreditlərin 19,6%-i, özəl banklar tərəfindən 14 milyard 5,2 milyon manat (artım 5,1%) və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 479,6 milyon manat (artım 4,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Aprelin əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 13 milyard 498,3 milyon manat (artım 6,3%) milli valyuta, 4 milyard 509,5 milyon manat (artım 1,9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 25% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 80,4 milyon manat (bütün kreditlərin 17,1%-i) ticarət və xidmət sahələrinin, 728,8 milyon manat (4%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 597,5 milyon manat (3,3%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 9,4 milyon manat (5,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 16,3 milyon manat (5,6%) sənaye və istehsal sektorunun, 737,6 milyon manat (4,1%) nəqliyyat və rabitə sahələrinin, 9 milyard 262,8 milyon manat (51,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-mart aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 7,6% artıb.*
X.Nəsirzadə