2022-ci ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 107,9 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 10,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ilin I rübündə İKZF 74,2 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 27,3%).
Yanvar-mart aylarında Fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 23,8 milyon manat vəsait (artım 33,7%) alıb.
Yanvar-mart aylarında fond istiqrazların yerləşdirilməsindən 40 milyon manat (martda 20 milyon manat) cəlb edib.
2022-ci ilin mart ayında verilmiş ipoteka kreditinin orta həcmi 56 min manata yaxın təşkil edib. Kreditlər 282 ay müddətinə və illik təxminən 6,31% dərəcəsi ilə verilib.
2021-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 356,2 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə