2022-ci ilin I rübündə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP)ilə Türkiyə və Avropaya 4,01 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Facebook səhifəsində yazıb.
“TANAP istismara verildiyi tarixdən bu ilin aprelin 1-nə qədər 26,13 milyard kubmetr təbii qaz nəql edilib. Cari ilin I rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub”, - deyə o bildirib.
2022-ci ildə TANAP-la Türkiyə və Avropaya 16,2 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır. 2021-ci ildə bu kəmərlə 13,73 milyard kubmetr qaz nəql olunub. Beləliklə, cari ildə ixracın həcmi 18% artacaq.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr qaz ixrac edib.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb.
SOCAR-ın qiymətləndirmələrinə görə, TANAP Türkiyənin təbii qaza olan tələbatının 12%-ni qarşılayır.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.*
N.Abbasova