Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutmuş telefon danışığı zamanı Putin və Mişelin bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə təmasları nəzərə alınmaqla, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna toxunulub.
“Azərbaycan, Ermənistan və Rusiya arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti bir daha təsdiqlənib”, - deyə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Bu kontekstdə Rusiya Prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib.*