Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal bankçılıq xidmətlərinin inkişafı üzrə hüquqi bazanı təkmilləşdirib. Bu barədə AMB-nin saytında məlumat verilib.
Məlumata görə, AMB tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” yeni redaksiyada hazırlanaraq təsdiq edilib. Qaydanın təkmilləşdirilməsi, ilk növbədə, məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icra etmək imkanını təqdim edir.
Qaydaya əsasən məsafədən bank hesabının açılması üçün nəzərdə tutulan məbləğlər üzrə limitlər ləğv edilib, gücləndirilmiş elektron imza ilə yanaşı, yeni təsdiqetmə üsulu – gücləndirilmiş müştəri autentifikasiyasından istifadə imkanı yaradılıb.
“Artıq rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə məsafədən hesab açmaq imkanına malik olacaqlar. Bu isə bank xidmətlərinin əlçatanlığını artırır, fiziki olaraq filial və şöbə ilə təmin olunmayan ərazilərdə əhalinin bank xidmətlərindən istifadəsinə şərait yaradır”, - deyə məlumatda qeyd olunur.
Qaydanın tam mətni AMB-nin rəsmi internet səhifəsində (https://www.cbar.az/page-217/regulations) yerləşdirilib.*
X.Nəsirzadə