Riqada Azərbaycan və Latviya arasında strateji dialoqun birinci iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andceys Vilumsons rəhbərlik edib.
“Xələfov və Vilumsons Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yeni imkanların olduğunu ifadə edib, Bakı ilə Brüssel arasında imzalanması nəzərdə tutulan hərtərəfli tərəfdaşlıq haqqında sazişin qarşılıqlı əlaqələrin yeni səviyyəyə çatdırılmasına şərait yaradacağını vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin ikitərəfli strateji tərəfdaşlığın gündəliyində duran aktual mövzuları, xüsusən siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
“Bundan başqa, X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupunun üzvləri ilə görüşüb və tərəflər Azərbaycanla Latviya arasında əməkdaşlığın həyata keçirilməsində parlamentlərarası dialoqun əhəmiyyətini qeyd ediblər”, - deyə məlumatda bildirilir.*