Dövlət Sərhəd Xidməti (DSX) aprel ayının 23-də Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistanın təxribat-diversiya qrupunun üzvlərindən birinin saxlanılması barədə məlumat yayıb.
“Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.
“Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb”, - deyə məlumatda bildirilir.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
Daha əvvəl Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.
Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir.
Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb.
DSX bəyan edir ki, belə hal bir daha baş verərsə, tərəfimizdən daha ciddi tədbirlər görüləcək.*
R.Kərimov