Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub, sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupu çərçivəsində görüşün yaxın zamanlarda təşkil olunmasına dair razılığa gəliblər. Bu barədə XİN-dən məlumat verilir.
“Nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub”, - Azərbaycan XİN-in saytında qeyd olunur.
Bayramov və Mirzoyan, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. **
N.Abbasova