Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeironu qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
“Tərəflər Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparıblar”, - XİN-in bəyanatında deyilir.
Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib. “Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan işlər, qurbanları arasında jurnalistlərin də olduğu mina təhlükəsi və minaların təmizlənməsi işləri, habelə bölgədə etimadın quruculuğu sahəsində medianın rolu barədə məlumat verib”, - məlumatda vurğulanır.
Öz növbəsində, Ribeiro media azadlığının sülh və təhlükəsizliyin əsas elementi olduğunu qeyd edən nümayəndə, etimad quruculuğu tədbirləri çərçivəsində (Ermənistanla Azərbaycan arasında - İF) media nümayəndələrinin rolunu vurğulayıb və bu xüsusda ATƏT-in müvafiq dəstəyi göstərə biləcəyini bildirib.
“Görüşdə tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb”, - XİN-dən bildirilir. **
E.Şəfiyev