Bazar ertəsi Azərbaycanın maliyyə naziri Samir Şərifov israilli həmkarı Aviqdor Liberman ilə görüşüb. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub.
“Şərifov və Liberman iki ölkə arasında iqtisadi-maliyyə, kiber təhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı məsələlər və əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Şərifov digər sahələrdə olduğu kimi, dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində də Azərbaycan və İsrailin qarşılıqlı fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə