SOCAR şirkəti Azərbaycanın Rusiyadan idxal etdiyi qazın dəyərini rublla ödəyəcəyinə dair bəzi Rusiya KİV-in yaydığı məlumatı təkzib edib.
"Bazar ertəsi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödədiyinə dair məlumatlar yayılıb. Bildiririk ki, yayılmış bu məlumatlar həqiqəti əks etdirmir", - “İnterfaks-Azərbaycan”a SOCAR-dan bildiriblər.
Xəbər verildiyi kimi, hazırda Rusiya qazının Azərbaycana tədarükü 2021-ci ilin iyul ayında Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında imzalanmış müvafiq müqavilə çərçivəsində həyata keçirilir.
Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədərdir. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.
Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.
Öncə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Rusiya arasında təbii qazın mövsümi mübadiləsi (svop) gündəlik 0,5 milyon kubmetr təşkil edəcək.
2021-ci ildə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” təbii qazın mövsümi mübadiləsi üzrə Rusiyaya 326,5 milyon kubmetr qaz tədarükünü təmin edib. **
N.Abbasova