Rusiyanın Həştərxan vilayəti Bakıya birbaşa aviareyslərin sayının artacağına ümid edir. Bunu vilayətin qubernatoru İqor Babuşkin deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı (aprelin 25-də Bakıda) hava əlaqəsinin inkişafı mövzusuna toxunduq. Rusiyanın “Azimut” aviaşirkəti Həştərxan-Bakı marşrutu ilə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirməyə hazırdır. Böyük tələbatın olduğu birbaşa aviareysin bərpasında Azərbaycan Prezidentinin dəstəyinə ümid edirəm”, - deyə İ.Babuşkin sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, o cümlədən qarşılıqlı ticarətin artırılması, sənaye, nəqliyyat və logistika sahələrində əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
İ.Babuşkin, həmçinin Həştərxan vilayəti ilə Azərbaycan arasında ticarətin həcminin artdığını qeyd edib.
“2021-ci ildə Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 18% artaraq $17 milyonu ötüb. Biz Həştərxan mallarının, o cümlədən balıq və un məhsullarının Azərbaycan bazarında təşviqində maraqlıyıq”, - deyə qubernator vurğulayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda gəmiqayırma sahəsində birgə layihələr üzrə danışıqların aparılması nəzərdə tutulub.
“Vacib mövzulardan biri də sənaye əməkdaşlığı şəraitində Həştərxanın gəmiqayırma şirkətləri tərəfindən Azərbaycan üçün sifarişlərin yerinə yetirilməsi perspektivləridir. Mütəxəssislərimiz Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən olan həmkarlarla danışıqlar aparıblar, kiçikhəcmli quru yük gəmilərinin, kimyəvi yük gəmilərinin, bərə və tankerlərin tikintisi üzrə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilir. Birgə işin bütün detallarını yerində müzakirə etmək üçün Azərbaycan nümayəndə heyətini yaxın vaxtlarda Həştərxanda gözləyirik”, - deyə İ.Babuşkin bildirib.
Babuşkin, həmçinin Ələt limanı ilə Həştərxan vilayətindəki limanlar arasında yük daşımalarının artırılması üzrə işləri fəallaşdırmağı təklif edib.
O, Azərbaycan nümayəndə heyətini mayda keçiriləcək II “Xəzər-2022” Forumunda və sentyabrda baş tutacaq VII Xəzər Mediaforumunda iştirak etməyə dəvət edib.
“Regionlararası əməkdaşlığın genişləndirilməsi mühüm istiqamətdir. Biz Abşeron rayonu ilə sazişin imzalanmasında maraqlıyıq. Bizim regionlarımızın çox ortaq cəhəti var: biz kənd təsərrüfatını inkişaf etdiririk, kənd təsərrüfatı xammalının emalını həyata keçiririr və fəal şəkildə əməkdaşlığa hazırıq. Əminəm ki, regional səviyyədə birbaşa təmasların qurulması bizim üçün yeni perspektivlər açacaq”, - deyə qubernator yazıb.*
E.Şəfiyev