2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 59,7 milyon manat ($35,1 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bunun 54,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 10,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3% artaraq 435,3 min olub. Gecələmələrin 48,5%-i faizi Bakıda, 10,8%-i Qusarda, 8%-i Qubada, 7,6%-i Qəbələdə, 6,1%-i Şabranda, 3,4%-i Naftalanda, 3,1%-i Lənkəranda, 2,3%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Şamaxıda, 1,1%-i Mingəçevirdə və 7,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 263,3 min olub ki, bu da ümumi gecələmələrin 60,5%-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172 min olub ki, bu da ümumi gecələmələrin 39,5%-ni təşkil edir.
Gecələmələrin 14,2%-i Rusiya Federasiyası, 12,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,3%-i Türkiyə, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,4%-i Küveyt, 4%-i Böyük Britaniya, 3,1%-i ABŞ, 2,6%-i İsrail, 2,1%-i Pakistan, 2%-i Qazaxıstan, 1,7%-i Almaniya, 1,6%-i Qətər, 1,5%-i İtaliya, 1,3%-i İran, 1,3%-i Gürcüstan, 1,3%-i Hindistan, 1,2%-i Ukrayna, 0,8%-i Niderland, 0,7%-i Fransa, 23,4%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 70%-i Bakıda, 12,4%-i Qusarda, 5,8%-i Qəbələdə, 3,5%-i Naftalanda, 2,9%-i Qubada, 1,5%-i Şabranda, 1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9% səviyyəsində olmuşdur (2021-ci ilin yanvar-mart aylarında 7,8%). Bu göstərici Şabranda 85,5%, Qubada 29,6%, Beyləqanda 28%, Qusarda 27,2%, Naftalanda 26,4%, Ağcabədidə 20,5%, Göyçayda 17,7%, Sabirabadda 17,7%, Qəbələdə 15,3%, Bakıda 14%, Lənkəranda 13,9%, Bərdədə 11,9%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 milyon manat ($123 milyon) olub.*
X.Nəsirzadə