“PAŞA Bank” 2022-ci ilin yanvar-mart aylarında aktivlərini 11,2% - 7 milyard 125,45 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il martın 31-nə bankın kredit portfeli 2 milyard 661,758 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,6%) təşkil edir. Bankın biznes kredit portfeli 2 milyard 381,165 milyon manat (artım 3,4%), istehlak kreditləri üzrə portfeli 187,08 milyon manat məbləğində (artım 14,6%) qiymətləndirilir.
“PAŞA Bank”ın öhdəlikləri 6 milyard 554,228 milyon manata (artım 12,4%) bərabərdir. Bankda depozitlər 5 milyard 668,622 milyon manat (artım 12,7%), əhalinin əmanətləri 1 milyard 845,786 min manat məbləğində (artım 12,5%) qiymətləndirilir.
Bankın kapitalı 571,222 milyon manat (azalma 1%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” I rübü 38,326 milyon manat məbləğində xalis mənfəətlə (2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 2 dəfə) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Ador” MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə