Aprelin 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“A.Pabriks Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib”, - deyə məlumatda bildirilir.
Latviyalı nazir, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
“Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.*
E.Şəfiyev