Aprelin 26-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.
C.Bayramov postmünaqişə mərhələsində iki ölkə arasında normallaşma, o cümlədən gələcək sülh müqaviləsinin işlənib-hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib.
Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.*
B.Rüstəmbəyov