Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-2025-ci illərdə müvəkkil banklar vasitəsilə 1,7 milyard manat məbləğində ipoteka krediti verməyi planlaşdırır. Bu barədə Fondun Xəzinədarlıq Departamentinin direktoru İlhamə İsabalayeva məlumat verib.
“2020-2025-ci illəri əhatə edən strateji plana əsasən, 20 min nəfərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 1,7 milyard manat məbləğində ipoteka kreditinin verilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Bugünədək İKZF-nin vəsaiti hesabına 2,1 milyard manatdan artıq məbləğdə 38 mindən çox ipoteka krediti verilib. 2021-ci ildə verilmiş ipoteka kreditlərinin məbləği 356,1 milyon manat, 2020-ci ildə 257,5 milyon manat təşkil edib.
İ.İsabalayevanın sözlərinə görə, bu planın yerinə yetirilməsi üçün Fond ipoteka kreditləşməsində son illər müşahidə olunan yüksək dinamikanı qoruyub saxlamağı, habelə yeni alətlər (tikinti və təmir kreditləri) tətbiq etməyi planlaşdırır.
Departamentin direktoru vurğulayıb ki, İKZF ipoteka kreditlərinin əlçatanlığını artırmaq, stabil və uzunmüddətli maliyyə vəsaitləri cəlb etmək üçün 2026-cı ilədək tədbirlər görməyi, əməliyyatları avtomatlaşdırmağı və s. planlaşdırır.
Onun sözlərinə görə, 2022-ci ilin I rübündə Fondun xətti ilə verilən ipoteka kreditinin orta məbləği 76,5 min manat (2018-2021-ci illərdə 67,425 min manat) təşkil edib. Cari ilin yanvar-mart aylarında ipoteka kreditləri 294 ay müddətinə (2021-ci ildə 280 ay) verilib, kredit üzrə faiz dərəcəsi 5,7% (2021-ci ildə 6,2%), aylıq ödəniş 504 manat (2021-ci ildə 488 manat) olub.
2022-ci ilin I rübündə ipoteka krediti ilə alınan yaşayış sahəsinin orta dəyəri 111,41 min manat (2021-ci ildə 99,55 min manat) təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov