Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 13 il ərzində daxili bazarda istiqrazların yerləşdirilməsindən 1,58 milyard manat cəlb edib. Bu barədə Fondun Xəzinədarlıq Departamentinin direktoru İlhamə İsabalayeva məlumat verib.
“İKZF 2009-cu ildən təmin edilmiş istiqrazların, 2016-cı ildən isə ipoteka istiqrazlarının daxili bazarda yerləşdirilməsinə başlayıb. Fond son 13 ildə (2009-2021-ci illərdə) istiqrazların yerləşdirilməsindən 1,58 milyard manat vəsait cəlb edib. İKZF-nin emissiya etdiyi istiqrazların orta müddəti 20 ildir”, - deyə İ.İsabalayeva qeyd edib.
Onun sözlərinə görə, hazırda İKZF qiymətli kağızlar bazarında Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra ən iri emitentdir.
Departamentin direktoru vurğulayıb ki, Fond 2018-ci ildən ipoteka kreditləri üzrə zəmanətlərin verilməsinə başlayıb. Bu günə qədər İKZF 50 milyon manat məbləğində 600-dən çox ipoteka kreditinə zəmanət verib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.*
R.Əhmədov