2021-ci ildə “Azercell Telecom” MMC-nin xalis mənfəəti 121,175 milyon manat ($71,3 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 16,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Azercell”in maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 492,019 milyon manat (artım 8,1%), xərcləri 343,736 milyon manat (artım 11,7%) məbləğində olub.
2021-ci ilin yekunları üzrə “Azercell”in əməliyyat mənfəəti 148,355 milyon manat (artım 0,4%) təşkil edib.
Vergi ödənilənədək mənfəət 148,303 milyon manat (azalma 0,6%) təşkil edib. 2021-ci ildə şirkət 27,128 milyon manat məbləğində mənfəət vergisi (azalma 39,7%) ödəyib, xalis mənfəət 121,175 milyon manat təşkil edib.
2021-ci ildə “Azercell”in aktivləri 16,2% - 910,061 milyon manatadək artıb, uzunmüddətli aktivləri 5,9% - 558,679 milyon manatadək azalıb, qısamüddətli aktivləri 1,9 dəfə - 351,382 milyon manatadək artıb.
Şirkətin öhdəlikləri 2,9% - 193,748 milyon manatadək artıb.
Hesabat ilində “Azercell”in kapitalı 20,4% - 716,313 milyon manatadək artıb. 2022-ci ilin əvvəlinə bölüşdürülməmiş mənfəət 673,992 milyon manat (artım 21,9%) təşkil edir.
Ötən il cəmiyyətin nizamnamə kapitalı 42,08 milyon manat məbləğində qalıb.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkətin abunəçilərinin ümumi sayı 5 milyon təşkil edir. Azərbaycanın mobil rabitə bazarındakı payı 49% olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 93,6%-ni əhatə edir.
Hazırda “Azercell”in 100%-lik səhmdarı “Azertel Telekomunikasyon ve Yatırım Dıs Ticaret A.S,” Azərbaycan-Türkiyə şirkətidir. Şirkətin səhmlərinin 51,3%-i “AzInTelecom” dövlət şirkətinə (Azərbaycan) məxsusdur.*
N.Abbasova