Aprelin 28-də Bakı Fond Birjasında (BFB) “Bank Respublika” ASC-nin 15 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə BFB-dən məlumat verilib.
“Hərrac zamanı 10 investor tərəfindən 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 milyon 2 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 15 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 8,5% (faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir), ödəmə tarixi 28 aprel 2024-cü ildir.
Bank istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti kredit portfelinin genişləndirilməsinə və bir sıra layihələrin maliyyələşdirilməsinə yönəldəcək.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.*
X.Nəsirzadə