Bu gün axşam saatlarında Sumqayıt şəhərində yerləşən “Azərsun Sənaye Parkı” kompleksinin ərazisində yanğın hadisəsi baş verib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye Parkı” kompleksinin ərazisində yanğın hadisəsi baş verib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib”, - deyə məlumatda bildirilir.
Hazırda yanğın lokallaşdırılıb və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb.
“Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək”, - deyə məlumatda qeyd olunur.
Fövqəladə Hallar Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.*
R.Əhmədov