2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 727,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($72,2 milyon, artım 5,2%), karbamid ($53,2 milyon, artım 31,3 dəfə), meşə fındığı ($39,5 milyon, artım 38,6%), xurma ($29,5 milyon, azalma 7,5%), pomidor ($38,8 milyon, artım 82,2%), metanol ($37,1 milyon, 2021-ci ilin yanvar-mart aylarında ixrac həyata keçirilməyib), qızıl ($30,9 milyon, azalma 28,5%), elektrik enerjisi ($33,4 milyon, artım 2 dəfə) və ilkin formalı polipropilenin ($31,1 milyon, artım 16%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($255,2 milyon, artım 56,5%), Rusiya ($149,4 milyon, artım 15,1%), Gürcüstan ($47,4 milyon, artım 24,7%), İsveçrə ($33,3 milyon, azalma 25,5%), ABŞ ($28,9 milyon, artım 58%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 35%-i Türkiyənin, 20,5%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov