“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycadan ÜDM-in artımını 3,6%, 2023-cü ildə - 2% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, “Fitch” Azərbaycanda orta illik inflyasiyanı 11,7% səviyyəsində proqnozlaşdırır.
“Ötən ilin analoji dövrü ilə müqayisədə mart ayında 16,8% bahalaşan ərzaq qiymətləri Ukrayna və Rusiyadan idxalın, xüsusilə buğdanın azalmasından asılı olacaq. Dünya bazarında əmtəə qiymətlərinin aşağı düşməsi, tədarük zəncirlərindəki fasilələrin aradan qalxması 2023-cü ildə Azərbaycanda inflyasiyanın 7,2%-ə enməsinə şərait yaradacaq”, - agentlikdə belə hesab edirlər.
Agentliyin qiymətləndirmələrinə görə, neftin yüksək qiyməti icmal büdcənin profisiti üçün ilkin şərtlər yaradır. “2022-ci ildə enerji ixracı gəlirlərində daha güclü artım fonunda profisit ÜDM-in 10,9%-nə yüksələcək və enerji qiymətlərinin aşağı düşməsi səbəbindən 2023-cü ildə 5,2%-ə qədər azalacaq. Biz işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan xərclərin demək olar ki, tam yerinə yetirilməsini nəzərdə tuturuq ki, bu da 2022-2023-cü illərdə ÜDM-in orta hesabla 2,1%-nə bərabərdir”, - agentlik vurğulayır.
Azərbaycan hökuməti 2022-ci ildə Azərbaycanda ÜDM-in artımnı 3,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya – 6,7% təşkil edib. **
A.Əzizov