Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbədə xüsusi təyinatlıların mühüm töhfəsini qeyd edib.
“Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir”, - Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışında bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Əliyev xüsusi təyinatlıların işğal altında olan yaşayış məntəqələrinin azad edilməsində rolunu qeyd edib, vurğulayıb ki, bütün əsas əməliyyatlarda xüsusi təyinatlılar ilk sıralarda olublar.
“Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar”, - o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan öz gücünü artırır, ancaq müharibə istəmir, amma regionda baş verənlərə reaksiya verir. “Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var”, - Əliyev bəyan edib. **
R.Kərimov