Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan hökumət rəhbəri Nikol Paşinyanın ailəsi ilə birlikdə guya respublikanı tərk etməyə hazırlaşması ilə bağlı məlumatları təkzib edib.
“Küçələrdə “vətən xilaskarları” (müxalifət nümayəndələri - İF) tərəfindən “bir nömrəli göyərtə”nin yola düşməyə hazırlaşması, həmin təyyarə ilə Paşinyan və onun ailəsinin Ermənistanı tərk edəcəyinə dair şayiələr yayılır. Bu cəfəngiyat hətta təkzib olunmağa layiq deyil”, - Çaxoyan sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Paşinyan “xalqın səsverməsi ilə ona həvalə edilən Ermənistanın baş naziri vəzifəsini icra edir və edəcək”.
“Bu hadisədə ən gülməli budur ki, baş nazirə xidmət göstərən təyyarə hazırda heç Ermənistanda deyil. Təyyarəyə ölkə hüdudlarından kənarda texniki xidmət göstərilir”, - Çaxoyan qeyd edib. **