Zəfər parkında xatirə kompleksinin inşasına yaxın zamanlarda start veriləcək. Bunu Prezident İlham Əliyev deyib.
“Qələbə parkında hər bir şəhidin adı yazılıb. Həm də Zəfər muzeyi yaradılacaq. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq”, - deyə dövlət başçısı mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılış mərasimində bildirib.
O qeyd edib ki, azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq.
İ.Əliyevin sözlərinə görə, on mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. “Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək”, - deyə prezident vurğulayıb.
İ.Əliyev, həmçinin deyib ki, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə indiyədək 12 min 500 mənzil verilib. İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibədə yaralanmış hərbçilərə 2021-ci ildə 3500, bu il 1500 mənzil verilib.*
N.Abbasova