Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin aprel ayında valyuta hərraclarında $548,7 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF cari ilin mart ayında valyuta hərraclarında $526,2 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, aprel ayında xarici valyuta satışının həcmi mart ayı ilə müqayisədə 4,3% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-aprel aylarında ARDNF valyuta hərraclarında $2 milyard 173,1 milyon məbləğində xarici valyuta (2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 9,2%) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb. Ötən il fond tərəfindən hərraclarda xarici valyutanın orta aylıq satış göstəricisi $556,6 milyon təşkil edib.*
A.Əzizov