Sahibkarlığın İnkişafı Fondunda (SİF) Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbərliyi ilə görüş keçirilib.
APEPEA rəhbərliyinin xahişi ilə keçirilən görüşün məqsədi yem ehtiyatının tədarükü üçün güzəştli kreditin əldə edilməsi olub.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli çıxışı zamanı bildirib ki, yem ehtiyatının tədarükü üçün bütün müəssisələrə 40 milyon manata yaxın vəsait lazımdır.
Öz növbəsində, SİF-in rəhbəri Osman Xalıyev Nazirlər Kabinetinin aprel ayında imzaladığı qərarda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10%-nin dövlət tərəfindən qarşılanacağını bildirib.
Onun sözlərinə görə, quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün hesab olunmur.
“Lakin fondun rəhbəri bildirib ki, bu məsələ təmsil etdiyi qurumun Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacaq”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov